ELM VƏ TƏHSİL
Ulu Öndərin rəhbərliyi dövründə elm, iqtisadiyyat və mədəniyyət yüksək inkişaf mərhələsinə qədəm qoyub
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, akademik Nazim Məmmədov Ulu Öndərin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də uğurla reallaşdırılır. N.Məmmədov bu günlərdə Fizika İnstitutu və əməkdaşlarının “Web of science” elmi bazasının mükafatına layiq görüldüyünü xatırladıb. Bildirib ki, əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətdən irəli gəlir.
İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov Azərbaycan elminin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən bəhs edib. O bildirib ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçilik prinsipini yaradıb.
İnstitutun qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Ulu Öndərin Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıdığını bildirib. Vurğulayıb ki, Ulu Öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən dövlətçilik ideologiyası yaradıb. O, AMEA-nın, bütövlükdə Azərbaycan elminin tərəqqi dövrünün Ulu Öndərin respublikaya rəhbərliyi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, həmin illərdə elm, iqtisadiyyat və mədəniyyət yüksək inkişaf mərhələsinə qədəm qoyub.