CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətlər göstərib
Bakı, 10 may, AZƏRTAC
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Anım mərasimi Azərbaycan Respublikasının dövlət himni ilə başlanılıb.
Dövlət Agentliyinin sədri İnam Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycanı çətin zamanlarda xilas etdiyini vurğulayıb, ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində misilsiz xidmətlərindən söz açıb.
İ.Kərimov dövlətimizin başçısının təşəbbüsü ilə yaranan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət məqsədləri barədə də məlumat verib, bu konsepsiyanın Azərbaycan modeli olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb.
Deputat Vüsal Hüseynov da çıxışında Ulu Öndərin dövlətçilik siyasətindən, ölkəmizin inkişafına verdiyi töhfələrdən, habelə Yeni Azərbaycan Partiyasına üzvlüyün müsbət tərəflərindən bəhs edib.
YAP Nərimanov rayon təşkilatının və rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev partiyanın yaranma tarixindən danışıb, “ASAN xidmət”i yeni nəsil üçün nümunəvi qurum adlandırıb.
Tədbirdə “ASAN Könüllüləri”nin “Ümummilli lider” adına qrupu tərəfindən hazırlanan, Ulu Öndərə həsr olunan videotəqdimat nümayiş olunub.
Sonda YAP-ın sıralarına qoşulan gənclərə vəsiqələr təqdim edilib.