İDMAN
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq budo turnirinə yekun vurulub
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı İdman Sarayında keçirilən budo döyüş növləri üzrə beynəlxalq turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyinin, Dünya Budo Döyüş Növləri Federasiyasının, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.
Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edib. Yarışlarda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparıblar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib.
Beynəlxalq turnirdə Azərbaycan milli komandası qızıl medal qazanıb. Fəxri kürsünün ikinci pilləsində İran milli komandası qərarlaşıb. İlk üçlüyü İraq yığması tamamlayıb.