ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinin inkişafı istiqamətində böyük işlər görüb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Zirvədən zirvəyə və əbədiyyətə” mövzusunda elmi seminar keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə əklil qoyublar.
Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində təşkil edilən tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva Ümummilli Liderin zəngin irsindən, mədəniyyət və incəsənət sahəsinin inkişafındakı mühüm xidmətlərindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev üçün mədəniyyət və incəsənət iqtisadiyyat və siyasət qədər ölkəni tanıdan, xalqı bütövləşdirən amillərdən biri olub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva ölkəmizdə bütün sahələrin inkişafında, uğurların arxasında Ulu Öndərin olduğunu qeyd edib, görkəmli dövlət xadiminin uzaqgörən siyasətindən söz açıb.
Seminarda professorlar Aqşin Babayev, Oqtay Mirqasımov, Zamiq Əliyev Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər.