CƏMİYYƏT
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sürətlə və inamla gələcəyə” adlı tədbir keçiriləcək
Bakı, 31 may, AZƏRTAC
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il bir çox tədbirlər həyata keçirilir.
Bu il təşkil edilən silsilə tədbirlərin yekunu olaraq Dövlət Komitəsi, Heydər Əliyev Fondu, “Azərbaycan Dəmir Yolları” QSC, UNICEF və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və inamla gələcəyə” əyləncə təbliğat qatarı tədbirinin keçirilməsini nəzərdə tutulur. Tədbir, həmçinin Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunur. Tədbirin təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlara müvafiq istiqamətdə imkanlar yaratmaqdır.
Bu inteqrativ uşaq bayramında məktəblilər, həssas kateqoriyadan olan uşaqlar, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan, sağlamlıq imkanları məhdud olan və eyni zamanda, aztəminatlı ailələrin uşaqlarının iştirakı təmin ediləcək.
Tədbirin başlanmasına iyunun 1-də saat 8:45-də “Sürətlə və inamla gələcəyə” əyləncə təbliğat qatarının Bakı şəhərindən Gəncə şəhərinə doğru yola düşməsi ilə start veriləcək. Altmış uşaqla Bakıdan yola düşəcək qatar 3 müxtəlif stansiyada - Biləcəri, Yevlax və Goranboy stansiyalarında dayanmaqla digər uşaqları özünə dəstək olaraq cəlb edəcək və beləliklə, təbliğat qatarı Gəncə şəhərinə 100 nəfər kiçik sərnişinlərin iştirakı ilə çatmış olacaq. Tədbirin gedişatında iştirakçıların təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyi, eləcə də sağlamlığının qorunmasında Səhiyyə Nazirliyi öz dəstəyini göstərəcək.
Yolboyu uşaqlara Dövlət Komitəsinin əməkdaşları tərəfindən uşaq hüquqları ilə bağlı təlimlər keçiriləcək, qrup işləri təşkil olunacaq. Tədbirin ikinci hissəsi Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdiriləcək.