MƏDƏNİYYƏT
Uşaqlarla xalça diyarına səyahət
Bakı, 7 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan Milli Xalça Muzeyində qələbəlik idi. Milli geyimli uşaqların tədbirə böyük əhval-ruhiyyə ilə qatılması onların baxışlarından açıq-aydın sezilirdi. Onların ifa etdikləri rəqslər, söylədikləri şeirlər, çəkdikləri rəsmlər milli ornamentlərlə bəzədilmiş muzeyə tamam başqa bir ovqat bəxş edirdi.
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” adlı uşaq festivalının açılışı olub.
Festival işinə Üzeyir Hacıbəylinin ev-muzeyinin nəzdində “Nur” uşaq xor studiyası kollektivinin (bədii rəhbər Mələk Vəlizadə) çıxışı ilə başlayıb.
Bütün qonaqları salamlayan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib ki, muzeyin uşaq şöbəsinin 10 illiyinə həsr olunmuş festivala bir ilə yaxındır hazırlıq işləri görülür. İki gün davam edəcək festivalda iştirakçılar üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, kukla tamaşaları göstəriləcək.
“Çalışmışıq ki, festival uşaqların yaddaşında uzun illər qalsın. Festivalın Yeni il ərəfəsinə keçirilməsi uşaqların sevincini daha da artırıb. Biz muzeydə ilk dəfə təhsil proqramı həyata keçirdik. Məqsədimiz uşaqları milli dəyərlərimizlə, milli irsimizlə daha yaxından tanış etmək olub. Görürsünüz ki, həyata keçirilən işlər artıq öz bəhrəsini verməkdədir”, - deyə muzeyin direktoru bildirib.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyi uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işlərindən ibarət sərgi, nağıl qəhrəmanları ilə kvest oyun, “Mehriban” vokal qrupunun çıxışı, uşaq şöbəsinin teatr dərnəyi üzvlərinin “Xalçaların bəhsi” tamaşası və digər təqdimatlar maraqla qarşılanıb.
Festivalda ölkəmizdə fəaliyyət göstərən İran, Misir, Monteneqro, Ukrayna və Macarıstan səfirlikləri də milli suvenirlərin və milli şirniyyatların satış-yarmarkasını keçiriblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan festivalda uşaqlar karnaval, “Transformers Bumblebee” şou sevinci yaşayacaq, müxtəlif hədiyyələr qazanacaqlar.
Festival günlərində “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyi, uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcəklər.