İQTİSADİYYAT
“Üzeyir Hacıbəyli” gəmisinin kapitanı olmaq sevindirici və şərəflidir
Yalova, 14 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Yalovada - İzmit körfəzindəki “Tersan” tərsanəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni aldığı “Üzeyir Hacıbəyli” gəmisində dövlət bayrağımız qaldırılıb.
Gəminin kapitanı Şəmsəddin Mehrəliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan gəminin kapitanı olmaq sevindirici və şərəflidir. “İftixarla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətlənməsi sayəsində ölkəmiz yeni gəmilər alır. Dövlət bayrağımızı dünya sularında və beynəlxalq limanlarda dalğalandıracaq bu gəmi ölkəmizin, o cümlədən Azərbaycan mədəniyyətinin təbliğatçısı olacaq. Bütün gəmi heyəti adından dövlətimizin başçısına təşəkkür edərək əminliklə bildirirəm ki, fəaliyyətimiz ölkəmizə mümkün olduğu qədər fayda gətirəcək” - deyə kapitan vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Yalova