REGİONLAR
Üzüm bağlarında maarifləndirmə tədbirləri aparılır
Bakı, 12 noyabr, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən mövsümlə əlaqədar olaraq Şəmkir rayonunda fermerlərə məxsus üzüm bağlarına baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir rayonunun Qapanlı kəndinin Nazik Su ərazisində yerləşən Maisə İsayevaya məxsus 5 hektar üzüm bağı olan fermer təsərrüfatına baxış zamanı üzümün xəstəlik və zərərvericilərdən qorunmasına düzgün və vaxtında əməl edilmədiyindən sahədə becərilən “Red qlob”, “İtaliya muskatı” və digər sortlarda xeyli dərəcədə çürümələrin olduğu aşkarlanıb. Bu da üzümün əmtəəlik keyfiyyətinə və məhsuldarlığına mənfi təsir edərək, istehsalçının iqtisadi zərərə düşməsinə səbəb olub. Alimlər tərəfindən üzümün çürümə səbəbləri və onun vaxtında qarşısının alınması ilə bağlı məsləhətlər verilib.
Çürümə xəstəliklərinin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzun müddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir. Bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur. Ona görə də, yuxarıda adları çəkilən xəstəlik və zərərvericilərin inkişaf dinamikası izlənilməli, diaqnostikası düzgün təyin edilməli və onlara qarşı aqrotexniki, kimyəvi mübarizə tədbirləri vaxtında həyata keçirilməlidir.
Fermer təsərrüfatının sahibi Maisə İsayeva gələcəkdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcəyini vurğulayaraq, alim və mütəxəssislərin aqroməsləhətləri əsasında becərmə və mühafizə işlərinin həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılmış Məsləhət Xidmət Qrupu tərəfindən analoji maarifləndirmə tədbirləri davamlı olaraq həyata keçiriləcək.