İDMAN
Valtteri Bottas ilk dəfə Çempionlar Yarışında çıxış edəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Valtteri Bottas ilk dəfə Çempionlar Yarışında çıxış edəcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yarış 2022 -ci ilin fevralında İsveçin “Pite Havsbad” kompleksinin buz trasında keçiriləcək. Formula 1 sürücüsü, eyni zamanda, Millətlər Kuboku uğrunda turnirdə doğma Finlandiyanı təmsil edəcək.
Sonuncu dəfə Finlandiya Fransada 2006-cı ildə keçirilmiş Millətlər Kubokunda qalib olub.
Valtteri Bottas Çempionlar Yarışında mübarizə aparmaq fürsətini səbirsizliklə gözlədiyini bildirib: “Uzun illərdir bu yarışları televiziyadan izləyirəm. Bu dəfə yarışların qar və buz üzərində baş tutması onları daha da maraqlı edir. “Arctic Rally”də bir neçə dəfə iştirak etmişəm və ümid edirəm ki, bu təcrübə fərdi Çempionlar Yarışında və Millətlər Kubokunda ilk növbədə şimal qonşularımız İsveç və Norveçdən olan rəqibləri məğlub etməyimə kömək edəcək”.
Bu yaxınlarda Monzada keçirilən Formula 1 yarışında Valtteri dünyanın ən sürətli sürücülərindən biri olduğunu bir daha təsdiqləyib.
Qeyd edək ki, fevralın 5-də Millətlər Kuboku yarışı, ertəsi gün isə fərdi Çempionlar Yarışı keçiriləcək.