SİYASƏT


Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub VİDEO

Vaşinqton, 8 dekabr, AZƏRTAC 

Vaşinqtonda məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-cü ildönümü ilə əlaqədar ziyafət təşkil olunub. Bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatı da keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın dövlət qurumlarının, Vaşinqtondakı diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrinin, ictimai-siyasi xadimlərin də qatıldığı ziyafətdə, ümumilikdə, 250 nəfərdən çox nümayəndə iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə, o cümlədən diplomatiya sahəsində uğurlar əldə etdiyini xatırladıb. Bu xüsusda, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, böyük ziyalı Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən danışan səfir çətin şəraitə rəğmən Azərbaycanın de-fakto müstəqilliyinin müttəfiq dövlətlərin Şurası tərəfindən tanınmasına nail olduğunu vurğulayıb.

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurları barədə danışan səfir həmin heyətin 1919-cu il mayın 29-da ABŞ Prezidenti V.Vilsonla görüşdüyünü və sonradan V.Vilsonun onlar barədə çox yüksək fikirlər söylədiyini xatırladıb. Ə.Topçubaşov və digər heyət üzvlərinin Azərbaycanın müstəqilliyi naminə həyatlarının sonunadək çalışdıqlarını bildirib.

Səfir xatırladıb ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra Fransaya ilk dəfə rəsmi səfərə gedən ümummilli lider Heydər Əliyev Ə.Topçubaşov və digərlərinin məzarını ziyarət edib. Onların məzarlarının abadlaşdırılmasına xüsusi diqqət ayrılır və dövlətimiz Azərbaycan uğrunda həyatlarının sonunadək çalışmış bu dövlət xadimlərinin xatirəsini bu gün də uca tutur. Səfir vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik ideallarını layiqincə yaşatmaqdadır.

E.Süleymanov, həmçinin qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması və diplomatik münasibətlər qurması bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci Prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə baş verib.

Sənədli filmi ərsəyə gətirən bütün heyətə təşəkkürünü bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ dostluq qrupunun rəhbəri Səməd Seyidov çıxış edib. O, hər bir xalq kimi Azərbaycan xalqının da arzularının olduğunu və müstəqil dövlət qurmaqla bu arzuların bir qisminə nail olunduğunu vurğulayıb. Azərbaycanın müstəqil inkişaf yolu ilə getdiyini söyləyən S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin vacibliyinə toxunub, ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini qeyd edib.

Daha sonra “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.