SİYASƏT
Vaşinqtonda Azərbaycan diplomatik xidmətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib VİDEO
Vaşinqton, 14 iyun, AZƏRTAC
Vaşinqtonun ən mötəbər binalarından olan Hərbi Dəniz Qüvvələri Mərkəzində Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə Əməkdar artist Vüsal İsgəndərzadənin rəhbərlik etdiyi “Şur” instrumental qrupunun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertə Azərbaycan diasporunun nümayəndələri, ABŞ-ın dövlət qurumlarını, Vaşinqtondakı diplomatik korpusu təmsil edən 200-dən çox qonaq qatılıb.
Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Azərbaycanın dövlətçiliyi, xarici siyasəti barədə məlumat verib, bu əlamətdar gün münasibətilə diplomatları təbrik edib. Diplomat Azərbaycan musiqisinin zənginliyindən, musiqi alətlərinin, xüsusilə də tarın unikallığından bəhs edib. Səfir Süleymanov Dağlıq Qarabağ regionunun Azərbaycanın musiqi beşiyi olduğunu deyib.
Konsertdə “Şur” instrumental qrupu Azərbaycan və dünya musiqisinin incilərini özünəməxsus şəkildə və yüksək peşəkarlıqla ifa edib.
Qrupun heyrətamiz ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton