İQTİSADİYYAT
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergiödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.
Qeyd olunub ki, muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidirlər. Fəaliyyət növləri üzrə sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.
Bərbər, ofisiant və dərzi fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0; Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5; Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0; digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergiödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.