İQTİSADİYYAT
Vergi daxilolmalarının artması cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasının nəticəsidir
Bakı, 22 dekabr, AZƏRTAC
Ölkədə iqtisadi artımın bərpası, qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. Ötən illə müqayisədə 2022-ci ildə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artaraq, ilk dəfə olaraq, 15 milyard manatı ötüb. Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 8 milyard manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Baş İdarəsinin rəis müavini Elşən Rəhimli deyib.
DVX rəsmisi qeyd edib ki, bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin formalaşmasının nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu var: “Ümumiyyətlə, təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir”.
E.Rəhimli, həmçinin vurğulayıb ki, dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergiödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının bundan sonra da fəaliyyətinin başlıca prioritetləri olacaq.