REGİONLAR
Vətən müharibəsi şəhidi Elmin Mirzəyevin xatirəsi yad olunub
Beyləqan, 3 oktyabr, AZƏRTAC
Xocavənd rayon sakini Elmin Mirzəyevin Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il ötür. Bu münasibətlə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin müəllimi, döyüş yoldaşları çıxış edərək xatirələrini danışıblar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Eyvaz Hüseynov, həmçinin dövlətimizin şəhid ailələrinə qayğısından bəhs edərək Elmin Mirzəyevin valideynlərinə təsəlli verib, Vətən üçün qəhrəman övlad böyütdüklərinə görə onlara təşəkkür edib.
Şəhidin atası Əvəz Mirzəyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonda Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.