CƏMİYYƏT
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntuları törətmələri hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Lənkəran rayonunun Xarxatan kənd sakini 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran Rayon Prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.
Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilib və Bəhruz Nəsirovun 2018-ci il avqustun 9-da Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 2020-ci il aprelin 21-dən “Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-də işə düzəlməsi müəyyənləşdirilib.
“Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.