İQTİSADİYYAT


Vüqar Bayramov: 9 ayın yekunları Azərbaycan iqtisadiyyatının 2018-ci il üzrə proqnozlaşdırılan artıma nail olacağından xəbər verir

Bakı, 10 oktyabr, Vüqar Qurbanoğlu, AZƏRTAC

Cari ilin 9 ayının yekunları üzrə makroiqtisadi göstəricilərin artımı və müsbət tendensiyasının qorunub saxlanması, Azərbaycan iqtisadiyyatının 2018-ci il üzrə proqnozlaşdırılan artıma nail olacağından xəbər verir. 9 ayın yekunlarında yalnız ÜDM-də deyil, eyni zamanda, qeyri-neft sektoru üzrə göstəricilərdə də artımlar müşahidə olunub. Eyni zamanda, dünya bazarı üzrə neftin qiymət artımı ölkəyə daxil olan valyutanın çoxalmasına zəmin yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, qeyri-neft sektorundakı artımın yüksək olması, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsi əsas faktorlardan biridir. Bu müddətdə həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Qeyri-neft sənayesində iki rəqəmli artım qeydə alınıb ki, bu da sənayedə aparılan islahatların nəticəsi kimi dəyərləndirilə bilər.

Vüqar Bayramov bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi sənaye parklarının formalaşdırılması və dövlətin bu istiqamətdəki dəstəyi xüsusən 300-dən artıq investisiya təşviqi sənədinin verilməsi yerli investisiyanın sənayeyə cəlb edilməsi baxımından əhəmiyyətli olub. Bu da iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas faktordur. 2018-ci ilin 9 ayında strateji valyuta ehtiyatlarında artım tempi davam edib. Belə ki, 9 ay ərzində valyuta ehtiyatlarımızda 3 milyard dollar artım qeydə alınıb.

Vüqar Bayramov diqqətə çatdırıb ki, strateji valyuta ehtiyatlarımızdakı artım sığorta yastığının formalaşdırılmasında vacib rola malikdir. İclasda qeyd olundu ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığı aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək, çünki neftdən asılılığın aradan qaldırılması Azərbaycan üçün prioritet məqamlardan biridir.

İqtisadçı ekspert xatırladıb ki, 2014-cü ildən sonra sürətlənən iqtisadi islahatlarda əsas hədəfin neftdən asılılığı aradan qaldırılması və qeyri-neft sektorunun inkişafına yönəlib. Qeyri-neft sektorunda 14 faizlik artım tempi qorunub saxlanılıb. Xüsusən bu 9 ayın yekunlarında pozitiv məqam kimi qiymətləndirilib. 1,1 milyard dollara yaxın qeyri-neft ixracatımız qeydə alınıb. Qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarı ilə makroiqtisadi göstəricilərimizin daha da yaxşılaşmasına zəmin yaradır və nəticədə qeyri-neft sektorunda dayanıqlı inkişaf müşahidə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.