CƏMİYYƏT
Vüsalə Rafiqqızı: Bu il Şuşa ətrafında seysmik stansiya quraşdırılması nəzərdə tutulur
Bakı, 19 fevral, AZƏRTAC
Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) azad edilmiş ərazilərimizdə 10 seysmik stansiya quraşdırmağı planlaşdırır. Bu il isə ən azı 4 stansiyanın quraşdırılması nəzərdə tutulur ki, onlardan da biri Şuşa ətrafında olacaq.
Bu barədə AZƏRTAC-a mərkəzin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
Şöbə müdiri bildirib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) ilə də razılaşması var. Razılaşmaya əsasən, bu il AFAD RSXM-yə bir stansiya təhvil verəcək.
Azad edilmiş ərazilərdə stansiyaların quraşdırılmasına müvafiq dövlət qurumlarının icazə verməli olduğunu deyən V.Rafiqqızı qeyd edib: “Çünki seysmik stansiyalar elədir ki, onlar həm yaşayış yerinə yaxın olmalı, həm də parametrlərə uyğun yerlər seçilməlidir. Mərkəzin əməkdaşları cihazların quraşdırılması parametrlərinə görə həmin ərazilərə baxış keçirməli və yer seçilməlidirlər. Azad edilmiş ərazilərdə mina təhlükəsi qaldığından hələ ki, bu, mümkün deyil. Bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmişik. Ümidvarıq ki, “Şuşa İli”nə ən böyük hədiyyəmiz Şuşa ətrafında bir stansiya aça bilmək olacaq.
Bundan əlavə, “Şuşa İli” çərçivəsində mayda beynəlxalq konfrans keçiriləcək. Konfransa həm xarici ölkələrdən, həm də beynəlxalq seysmoloji təşkilatlardan nümayəndələr dəvət olunublar. Tədbir çərçivəsində qonaqların Şuşa və digər azad edilmiş ərazilərə səfərləri planlaşdırılır. Məqsədimiz vaxtilə həmin ərazilərdə mövcud olan seysmik stansiyaların vəziyyəti, o cümlədən işğal zamanı törədilən barbarlığı beynəlxalq qurumların nümayəndələrinə göstərməkdir”.