CƏMİYYƏT
WTTC-nin Kankun sammiti: Peyvəndlənmə və COVID pasportu pandemiyadan sonra turizmin bərpa vasitələridir
Madrid, 28 aprel, AZƏRTAC
Aprelin 26-da və 27-də Meksikanın iri kurort şəhərlərindən olan Kankunda Dünya Turizm və Səyahətlər Şurasının (WTTC) illik sammiti keçirilib. Tədbirə toplaşan turizm sahəsinin liderləri pandemiyadan ən çox zərər çəkmiş sektorlardan birinin bərpasına kömək edəcək tədbirlər barədə fikir mübadiləsi aparıblar.
AZƏRTAC xəbər verir ki, COVID-19 pandemiyası başlanandan bəri WTTC-nin bu ilk beynəlxalq tədbirində turizm sahəsində 20 aparıcı ölkənin 600-dən çox nümayəndəsi iştirak edib. Hibrid formatda keçirilən tədbirə distant rejimdə 30 mindən artıq insan qoşula bilib.
WTTC-nin məlumatına görə, 2020-ci ildə mobilliyin məhdudlaşması nəticəsində turizm sahəsində ÜDM 49,1 faiz azalıb, 62 milyon iş yeri itirilib. Avropa İttifaqı cari ilin yay turizm mövsümünü xilas etmək ümidi ilə iyun ayında “COVID pasportu” hazırlanacağını vəd edib. Bu, İspaniya kimi ölkələr üçün xüsusilə vacibdir.
WTTC şirkətləri yaxın illərdə Meksikada turizm layihələrinə 2 milyard avrodan artıq sərmayə qoymağa hazır olduqlarını bildiriblər. Şimali Amerikanın bu ölkəsi pandemiya dövründə turizmin bərpası üçün dünya üzrə etalonlardan biri olub. Başqa ölkələrdə mobilliyi məhdudlaşdıran tədbirlər tətbiq edildiyi bir vaxtda Meksika öz sərhədlərini bağlamayıb və ölkə ərazisinə giriş üçün COVID-19 testindən keçməyi tələb etməyib.
Kankun və Rivyera Mayya kimi istiqamətlərin daxil olduğu Meksikanın Kintana-Roo ştatı bu mənada ən yaxşı nümunədir. Meksika nümayəndələri əmindirlər ki, əgər bu ölkənin hakimiyyət orqanları Kintana-Roo kimi istiqamətlər üzrə səyahətçilər barəsində daha ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq etsəydi, nəticələr fəlakətli olardı, çünki bu bölgələrdə ÜDM-in 87 faizi turizmdən asılıdır. Hazırda Meksikada turizm sahəsinin gəlirləri 2019-cu ilin göstəriciləri ilə müqayisədə cəmi 29 faiz aşağıdır, halbuki turizm sahəsinin liderləri olan başqa ölkələrdə müvafiq göstəricilər 80 faiz azalıb.
WTTC-nin Kankun sammitində turizm sahəsinin davamlı gələcəyini təmin etmək və pandemiyadan sonra bu sahəni bərpa etmək üçün dövlət sektoru ilə özəl sektorun səylərini birləşdirməyin zəruri olması vurğulanıb. Bu məqsədə çatmaq üçün ən səmərəli vasitələr isə vaksinasiya və rəqəmsal “yaşıl” sertifikatın tətbiq edilməsidir.
İspaniyada ÜDM-in 13 faizini turizm təşkil edir. Buna görə də ölkə hökuməti yay kampaniyasını xilas etmək üçün iyunun ortalarına qədər bütün hazırlıq tədbirlərinin görüləcəyini vəd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid