SİYASƏT
XALQ CÜMHURİYYƏTİ PARLAMENTİ ÜZVÜNÜN OĞLU ABŞ-DA RESPUBLİKA GÜNÜNÜ QEYD ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan mənşəli amerikalı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində sosialistlər blokunun təmsilçisi Abbas bəy Atamalıbəyovun oğlu Qalib Atamalıbəyov 28 May - Respublika gününü sakini olduğu Klivlend şəhərində qeyd etmişdir.
Xalq Cümhuriyyətinin yaranma günündə atasının kəşməkəşli həyatını bir daha xatırlayan Q.Atamalıbəyov atası Abbas Atamalıbəyova verilən 14 nömrəli vəsiqəni ailə arxivindən çıxararaq uşaqlarına və nəvələrinə göstərir, 1918-ci ildə müstəqil Azərbaycan dövlətini quranlardan biri haqqında danışır. Bayram ərəfəsində Qalib Atamalıbəyov AZƏRTAC-ın xüsusi müxbirinə öz xatirələrini danışmışdır:
- Atam Abbas bəy Atamalıbəyov 1895-ci ildə doğulmuşdur. Sankt-Peterburqda dəniz donanması mühəndisi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman atam Eserlər partiyasının üzvü idi. O, Qafqaza qayıtmış, Azərbaycan müstəqilliyini elan etdikdən sonar ilk Azərbaycan parlamentinin üzvü seçilmişdir.
Abbas bəy Atamalıbəyov 1919-cu ildə xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin üzvü olmuşdur. Yadımdadır, atam ABŞ Prezidenti Vudru Vilsonla görüşdüklərini danışardı. Onlar konfransda Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olmuşdular. Lakin, təəssüf ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul edilmədi. O vaxt artıq bolşeviklər hakimiyyəti ələ keçirmiş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi.
Bundan sonra atamın həyatı asan olmamışdır. Təbii ki, o, mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən atam Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin siyasi fəaliyyətini də davam etdirirdi. Xatırlayıram, İkinci Dünya müharibəsi zamanı o, alman tərəfi ilə işləyərək, əsir düşərgələrindəki azərbaycanlıları azad etməyə çalışırdı. Atam əvvəl inanırdı ki, Azərbaycan yenidən müstəqil olacaqdır. Lakin Sovet İttifaqı möhkəmləndikdən sonra ümidini itirdi.
Mən böyüyüb kimyaçı mühəndis oldum. İşimlə bağlı müxtəlif ölkələrdə yaşadım. 1947-ci ildə Çiliyə köçəndə valideynlərimi də yanıma gətirdim. Daha sonra biz Birləşmiş Ştatlara gəldik. Beynəlmiləl ailəmiz var. Həyat yoldaşımla Serbiyada tanış olmuşam. Oğlum Misirdə, qızım isə ABŞ-da anadan olmuşdur. Lakin biz Vətənimizin Azərbaycan olduğunu unutmuruq. Bir neçə il əvvəl Vaşinqtondakı Azərbaycan səfirliyinə müraciət edib Azərbaycanda olan qohumlarımı axtarmaq qərarına gəldim. Ana babam general İbrahim ağa Vəkilov idi. Onun nəvəsi, dayım qızı, pedaqoji elmlər doktoru Leyla Vəkilovanı tapdım. O, məni Azərbaycana dəvət etdi. Səfərim çox həyəcanlı oldu. Vətəni görmək, təbii ki, mənim üçün böyük xoşbəxtlik idi. Bu yay yenə də Azərbaycana səfər etməyə çalışacağam.
######