SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyunun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri – təşkilatın yeni təyin olunmuş başçısı Floran Kornazı və fəaliyyətini başa vurmuş keçmiş başçısı xanım Fridrun Mederi qəbul etmişdir.
Görüş zamanı xanım Fridrun Meder Azərbaycanda işlədiyi müddət ərzində təşkilatın fəaliyyətinin səmərəli keçməsinə şərait yaradılmasına və əməkdaşlığa görə minnətdarlığını bildirmiş, Qızıl Xaç Komitəsi və Azərbaycan ilə əməkdaşlığın genişlənməsinə və sıx əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulamışdır. O, Dağlıq Qarabağ probleminə toxunaraq, bu münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Öz növbəsində nazir V.Quliyev Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasındakı əməkdaşlığın genişlənməsi istiqamətində xanım Fridrun Mederin rolunu yüksək qiymətləndirmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Nazir V.Quliyev görüş zamanı həmçinin Floran Kornazı yeni təyinatı ilə təbrik etmiş və onun Azərbaycanda səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirmişdir.