DÜNYA
XSİ-nin Bavariyada məğlubiyyəti: Bu, mərhəmət dəyərlərindən uzaqlaşmağın nəticəsidirmi?
Berlin, 15 oktyabr, AZƏRTAC
Kansler Merkelin koalisiya üzrə tərəfdaşı olan Xristian-Sosialistlər İttifaqı (XSİ) Bavariyada əyalət seçkilərində tarixi məğlubiyyətə uğrayıb. Bu seçkilər çox şeyi dəyişəcək, özü də təkcə Bavariyada yox.
AZƏRTAC xəbər verir ki, XSİ-nin onilliklər boyu uğurla tətbiq etdiyi strategiya – seçicilər qarşısında özünə güvənən xristian, mühafizəkar və eyni zamanda sosial məsuliyyətli partiya kimi göstərməsi artıq işə yaramır. Bavariya landtaqına bundan əvvəlki seçkilərdə seçicilərin 48 faizinin səsini toplamış XSİ-nin budəfəki seçkilərdə cəmi 37 faiz nəticə göstərməsini başqa cür adlandırmaq mümkün deyil. Bu, tarixi məğlubiyyətdir.
İlk növbədə, qeyd etmək lazımdır ki, ənənəyə görə Bavariya elektoratının geniş dəstəyini qazanmış partiyanın uğursuzluğunu əlavə effekt adlandırmaq olmaz. XSİ-ni məğlubiyyətə gətirib çıxaran heç də başqa siyasi qüvvələrin uğuru olmayıb. Xristian-Sosialistlər İttifaqının süqutuna görə XSİ rəhbərliyinin özü məsuliyyət daşıyır.
Bu seçkilərdə “yaşılların” uğur qazanması əsl sürpriz oldu. Təqribən 19 faiz səs toplamış, yəni Bavariyada bundan əvvəlki seçkilərlə müqayisədə öz nəticələrini ikiqat artırmış “yaşıllar”ın federal səviyyədə də yeni xalq partiyasına çevrilmək şansı yüksəkdir. XSİ-nin Bavariyadakı seçicilərinin çoxu ona görə “yaşıllar” tərəfə keçiblər ki, bu sonuncular mühafizəkarların sözdə təbliğ etdikləri xristian dəyərlərinə daha ciddi yanaşırlar.
XSİ-nin lideri Horst Zeyehofer yəqin ki, ilk növbədə bu dəyərləri unudub. Görünür, çoxları özlərini inandırmağa imkan vermirlər ki, islamlaşma qarşısında vahimə sağlam düşüncəni və mərhəmət hissini üstələməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin