MƏDƏNİYYƏT


“XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı tədbir təşkil edilib

Bakı, 24 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası fevralın 24-də “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı altında “Zoom” platforması üzərindən onlayn tədbir təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 26 fevral tarixinin etnik azərbaycanlıların soyqırımı tarixi kimi yaddaşlara həkk olunmasından, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və ən faciəli səhifə kimi yazılmasından söhbət açıb.

Kitabxananın direktoru Oruc Quliyev Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsini, 8 ailənin tamamilə məhv edilməsini, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanmasını, 1275 nəfərin əsir götürülməsini kədər hissi ilə bir daha xatırladıb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmamasını dərin hüznlə qeyd edib. XX əsrin ən qanlı səhifəsinin Xocalı qırğını, XXI əsrin ən şanlı səhifəsinin isə 44 günlük müharibənin qələbə nəticəsinin olduğunu bildirib. Bu qələbənin Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun şücaəti nəticəsində əldə etdiyimizi qeyd edib.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli Xocalı faciəsinin onun həyatında buraxdığı dərin izlərdən, bu faciənin qurbanlarını öz gözləri ilə görməsindən söhbət açıb. Bu yaxınlarda Ağdam şəhərində olmasından və orada gördüyü erməni vəhşiliklərindən, şəhərin tamamilə tanınmaz hala salınmasından bəhs edib.

Tədbirdə ehtiyatda olan zabit Zahid Qarayev, Əməkdar həkimlər Tariyel Eyvazov, Məmməd Ağalar və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilən soyqırımı olduğunu və xalqımız tərəfindən bu faciəsinin heç zaman unudulmayacağını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.