ELM VƏ TƏHSİL
XX əsrin faciəsi - Xocalı soyqırımı
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elmi müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva fevralın 26-nın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib. Xocalı faciəsinin ağır nəticələrindən və başvermə səbəblərindən danışan akademik xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini bildirib.
G.Baxşəliyeva həmin hadisələrdə erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, həmin hadisələrdə dinc Xocalı sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq şəhid olub, 487 nəfər şikəst olub, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfər əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalıb.
Akademik ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları haqqında Şərqşünaslıq İnstitutunda bir sıra tədqiqatlar aparıldığını, tərcümələr edildiyini söyləyib. O, Xocalı soyqırımı ilə bağlı bukletin ərəb, fars və ingilis dillərinə tərcümə olunaraq bir çox ölkələrdə yayıldığını bildirib.
Tədbirdə institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova və başqaları bu faciənin xalqımıza, o cümlədən Xocalı sakinlərinə sağalmaz yara, mənəvi zərbə vurduğunu söyləyiblər.