REGİONLAR
Xaçmazda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib VİDEO
Xaçmaz, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda kross qaçışı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Nabran turizm zonasında keçirilən çempionatda 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.
Gərgin keçən yarışların sonunda komanda hesabına görə Bakı atletləri birinci, Gəncə kollektivi ikinci yeri tutub. Naxçıvan və Sumqayıt atletləri isə müvafiq olaraq 3-cü və 4-cü yerləri qazanıblar.
Fərdi nəticələrə gəlincə, kişilər arasında Zaman Pirverdiyev (10 kilometr, Gəncə), oğlanlar arasında Əmrah Nağıyev (6 kilometr, Naxçıvan), İlham Abışov (3 kilometr, Bakı), Vahid Kərimov (2 kilometr, Gəncə) hamını qabaqlayaraq qızıl medala layiq görülüblər.
Qadınlar arasında yarışda isə Aynur Əsgərova (6 kilometr, Bakı), qızlar arasında Aynur Əsədzadə (4 kilometr, Sumqayıt), Natəvan Etibarova (2 kilometr, Bakı), Günel Manafova (1 kilometr, Bakı) birinci olublar.
Birincilikdə Naxçıvan, Sumqayıt, Gəncə, Quba, Qusar, Xaçmaz, Astara və Balakəni təmsil edən atletlər iştirak ediblər.
Qaliblərə medal, diplom və pul mükafatı təqdim olunub.