REGİONLAR
Xaçmazda respublika təsviri sənət müsabiqəsinin zona qalibləri seçilib VİDEO
Xaçmaz, 2 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 2-də Xaçmaz Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinin zona mərhələsinin qalibləri seçilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Şuşa, Qubadlı və Zəngilan məktəblərindən 50-dən çox şagird öz əl işləri ilə iştirak edib. Qaliblərin seçilməsi 10-13 və 14-17 yaş kateqoriyaları üzrə aparılıb. Hər kateqoriya üzrə ilk üç qalib və bir həvəsləndirici yerin sahibləri diplomlarla mükafatlandırılıb.
Təsviri sənət müsabiqəsinin təşkilatçılarından olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Naqiyə Rzayeva bildirib ki, ümumilikdə, müsabiqədə səkkiz zona üzrə rəsm əsərləri qiymətləndiriləcək. Zona mərhələlərində seçilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında keçiriləcək final turunda iştirak hüququ qazanacaq.