MƏDƏNİYYƏT
Xaçmazda turizmlə bağlı təlim-tədris kursları keçirilir
Bakı, 3 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 2-də kursların ikinci mərhələsinə başlanılmışdır.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunan təlim kursları 4 istiqaməti əhatə edir. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri - xadiməlik ixtisaslarıdır. Kurslarda 110 nəfərə yaxın dinləyicinin iştirakı nəzərdə tutulur.
Türkiyədən dəvət edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilən təlim kursları iyunun 10-dək davam edəcəkdir.
Sonda kurs iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq sertifikatlar təqdim olunacaqdır.