SİYASƏT
Xalid Əl-Hamar: Qətər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyir
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Xalid Əl-Hamar ilə görüşüb.
Qətərdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, eləcə də üçtərəfli birgə bəyanat barədə həmsöhbətinə ətraflı məlumat verib.
Öz növbəsində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Qətər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir.
Görüşdə səfir R.İsmayılov Qətərin “Əl-Cəzirə” telekanalının ötən müddət ərzində fəaliyyətini qeyd edərək, onun münaqişənin səbəbləri və Azərbaycanın ədalətli mövqeyi barədə geniş izləyici auditoriyasını məlumatlandırdığını bildirib.
Söhbət zamanı Azərbaycan-Qətər birgə komissiyasının növbəti iclasının 2021-ci il ərzində keçirilməsi barədə fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.