ELM VƏ TƏHSİL
Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “1918-1920-ci illərdə ADR-İran münasibətləri” mövzusunda elmi seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Lənkəran Dövlət Universiteti ilə birgə təşkil olunan tədbirdə LREM-in direktoru, professor Fərman Quliyev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu söyləyib. Həmin il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor F.Quliyev bunu bütün Şərq xalqlarının həyatında ictimai-siyasi hadisə kimi xarakterizə edib. Bildirib ki, elan edildiyi andan, yəni 1918-ci il mayın 28-dən süquta uğradığı 1920-ci il aprelin 28-dək AXC beynəlxalq aləmdə tanınmaq uğrunda çətin diplomatik mübarizəyə qatılıb. Üzləşdiyi bütün ədalətsizlik və yaradılan süni maneələrə baxmayaraq, müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarıb.
LREM-in direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıb. O, AXC-nin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər də AXC-nin fəaliyyəti və yaradıcıları barədə ətraflı məlumat veriblər.