REGİONLAR
Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Şəki, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Unudulmaz Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 91-ci ildönümü onun doğulduğu Şəki şəhərində ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələri, ziyalılar avqustun 16-da şairin şəhərin mərkəzindəki parkda qoyulmuş büstü önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra xatirə tədbirinin iştirakçıları Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İ.S.Nakam adına Mərkəzi Kitabxanasında “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi ilə tanış olublar.
Bildirilib ki, Bəxtiyar Vahabzadənin əbədiyyətə qovuşmasından 7 ildən artıq vaxt keçsə də, onun işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayır və yaşayacaq. Vurğulanıb ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı poeziyamızın, şerimizin cövhəri olub.