MƏDƏNİYYƏT
Xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn müsabiqəsinə start verilib
Daşkənd, 11 sentyabr, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə simli musiqi alətləri ifaçılarının beynəlxalq onlayn müsabiqəsi keçirilir. Müsabiqəyə Azərbaycan və Özbəkistanı təmsil edən istedadlı ifaçılar qoşulub.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan Milli konservatoriyalarının iştirakı ilə keçirilən müsabiqəyə Azərbaycan Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir.
Tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq Azərbaycan dövlətinin apardığı mədəniyyət siyasətinin davamı olaraq beynəlxalq müsabiqə haqqında məlumat verib. Xalqımıza məxsus hər bir alətin özündə tarixin silinməz izlərini daşıdığını bildirən direktor həm Qobustandakı rəsmlərin üzərində, həm də “Kitabi-Dədə Qorqud” dastanında milli musiqi alətlərinə dair məlumatların öz əksini tapdığını, dahi şairlərimiz Nizami Gəncəvinin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adlarına rast gəlindiyini, rəssamlarımızın miniatürlərındə onların təsvir edildiyini söyləyib.
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun layihəsi ilə muğam sənətinin, milli musiqi aləti olan tarın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirən S. Abbasov dövlətin dəstəyi ilə ölkəmizdə bu sahənin öz intibah dövrünü yaşadığını qeyd edib.
Daha sonra müsabiqənin münsiflər heyəti təqdim olunub. Münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim, professor Ramiz Əzizov, Əməkdar artist, dosent, Beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə, Özbəkistan Dövlət Konservatoriyasının baş müəllimi, "Nixol" Dövlət Mükafatı laureatı Uluqbek Yunusov, bu ali musiqi məktəbinin professoru, "SOQDİANA" xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Özbəkistanın Əməkdar incəsənət xadimi Firuzə Əbdürəhimova təmsil olunur.
Daha sonra hər iki ölkəni təmsil edən musiqiçilər xalq simli musiqi alətlərində ifa ediblər.
Qeyd edək ki, hər iki ölkənin simli musiqi alətləri üzrə keçirilən müsabiqədə ilkin olaraq tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti nominasiyaları üzrə qaliblər seçiləcək. Sentyabrın 15-də müsabiqənin digər iştirakçılarının çıxışı nəzərdə tutulub.
Sentyabrın 18-də Beynəlxalq musiqi günündə isə müsabiqənin qalibləri elan olunacaq və qalib musiqiçilərin iştirakı ilə onlayn qala-konsert təşkil ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd