CƏMİYYƏT
“Xarı bülbül” gənclərin ikinci yaradıcılıq festivalı keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı ilə Bakıda “Xarı bülbül” gənclərin ikinci yaradıcılıq festivalı keçirilib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalın məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdan ibarətdir.
Festivalın açılışında dövlət qurumlarının nümayəndələri, diplomatlar, gənclər, Türkiyə, Macarıstan və Moldova olan gənclər iştirak ediblər.
GTM-nin baş katibi Gülnar Xəlilova tədbirdə çıxış edərək yaradıcı gənclərin böyük marağına səbəb olan festivalın gənclərin potensialının üzə çıxarılmasında və inkişafında rolunu xüsusi vurğulayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə yaradıcı gənclərə göstərilən yüksək dövlət qayğısından, onların bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan imkanlardan danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman yaradıcı gənclərin irəli çəkilməsinə və inkişafına böyük önəm verib. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə festivalın təkcə Bakıda deyil, ölkəmizin regionlarında da keçirildiyini bildirib. O, festivalla əlaqədar bir neçə ay əvvəl Bakıda yaradıcılıq dərnəyinin qurulduğunu, bu layihədə iştirak etmək istəyənlərin həmin dərnəkdə hazırlıq işləri keçdiklərini deyib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral “Xarı bülbül” festivalının böyük maraqla qarşılandığını, gənclərin yaradıcılığının inkişafına hərtərəfli dəstək verdiyini bildirib. Səfir bu cür tədbirlərin qardaş xalqlarımızın mədəni irsinin təbliği və inkişafı baxımından önəmini vurğulayıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan festivalda yaradıcı gənclər mahnılar oxuyub, milli rəqslərimizi ifa edib, şeirlər söyləyib və tamaşalar göstəriblər. Festival çərçivəsində yaradıcı gənclərin əl işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə də baxış keçirilib.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağın mədəni incilərinin gənc nəsil arasında təbliğinə xidmət edən “Xarı bülbül” gənclərin yaradıcılıq festivalını hər il keçirməyi planlaşdırır.