REGİONLAR
Xarici diplomatlar Tovuzun sosial-iqtisadi və mədəni inkişafı ilə yaxından tanış olublar
Tovuz, 2 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri və onların xanımları mayın 1-də Tovuz rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər diplomatlara regionlarımızın inkişafı və bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr barədə məlumat vermək, habelə turizmin inkişafı ilə yerində tanış olmaq məqsədi daşıyıb.
Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların rayonla tanışlığı əvvəlcə Tovuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkından başlayıb.
Bildirilib ki, əhalinin mənalı istirahəti üçün yaradılan, ümummilli lider Heydər Əliyevin adını daşıyan və ümumi sahəsi 7 hektar olan bu möhtəşəm istirahət məkanı öz unikallığı ilə fərqlənir. Relikt şabalıdyarpaq palıd ağaclarının əkildiyi parka bölgənin və respublikanın ayrı-ayrı yerlərindən istirahət etməyə çoxlu insanlar gəlir.
Sonra diplomatik korpusun nümayəndələri Əlibəyli və Hacıalılı kəndlərinə səfər edib, erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində dağıdılmış evlərin bəziləri ilə tanış olublar.
Qonaqlara rayonun 10 sərhəd kəndində, eləcə də Əlibəyli və Hacıalılı kəndlərində Ermənistan tərəfindən rayon iqtisadiyyatına, mənzil fonduna, sosial obyektlərə və infrastruktura vurulan zərər və dağıntılar haqqında məlumat verilib.
Bildirilib ki, rayonun sərhəd kəndlərinin əkin dövriyyəsində olan torpaqlarının təxminən 15 faizi bilavasitə erməni silahlı birləşmələri snayperlərinin nəzarətində olduğuna görə, həmin torpaqlardan səmərəli istifadə etmək mümkün olmur və atəşkəs rejiminə baxmayaraq, son illərdə 26 nəfər tovuzlu mülki vətəndaş düşmənin açdığı atəş nəticəsində şəhid olub. Şəhid olan mülki vətəndaşlar arasında uşaqlar, qadınlar və qocalar da var. Ermənistan tərəfinin təxribatlarına baxmayaraq, sərhəd kəndlərinin əhalisi gündəlik həyatlarını davam etdirirlər.
Daha sonra qonaqlar “Tovuz Baltiya LTD” konyak klubunun fəaliyyəti ilə yaxından tanış olublar.
Bildirilib ki, tarixən üzümçülük diyarı olan Tovuzda keyfiyyətli konyak, şərab məhsulları istehsal edilir. “Tovuz-Baltiya LTD” bu gün dünyanın 20-dən artıq ölkəsinə keyfiyyətli şərab məhsulları satır. Qonaqlar istehsal və texnoloji proseslərlə maraqlanıblar.
Şirkətin rəhbəri Naiq Məmmədhəsənov müəssisənin konyak klubunda dövlət dəstəyi ilə qazandıqları uğurlardan ətraflı danışıb. Qeyd edilib ki, şirkətinin inkişaf və tərəqqisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra və ölkədə sağlam biznes mühitini yaratması nəticəsində mümkün olub. Diplomatlara şirkətin xatirə hədiyyələri təqdim edilib.
Qonaqlar daha sonra “Göytəpə” qədim yaşayış məskəninə gəliblər.
Məlumat verilib ki, bizim eradan əvvəl VII-VI minilliyə aid “Göytəpə” qədim yaşayış məskəni öz unikallığı ilə seçilir. Protoşəhər mədəniyyətini özündə əks etdirən Neolit dövrünə aid bu abidə dünyanın aparıcı elm mərkəzlərinin diqqətini çəkmiş və Tovuzdakı həmin arxeoloji abidə arxeologiya elmində Neolit dövrünə aid sivilizasiyaların inkişafında roluna görə yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Tovuzla tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.
Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.