CƏMİYYƏT
Xarici investisiyalı hüquqi şəxsin yenidən müvəqqəti yaşama icazə ilə bağlı qaydalarda nələr nəzərdə tutulub?
Bakı, 6 iyun, AZƏRTAC
Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrinə əsasən azı bir il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbinin həmin hallar üzrə yenidən müvəqqəti yaşama icazə əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilmiş həcmdə olmalıdır.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan hallarda müraciət zamanı bəyannamə üzrə dövriyyəyə dair vergi orqanından əldə edilmiş sənəd tələb edilən digər sənədlərlə birgə təqdim edilməlidir.
Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.