SİYASƏT
Xəlil Kələntər: Azərbaycanımızın hər bir uğuruna ürəkdən sevinirik
Bakı, 3 iyun, Ceyhun Alışlı, AZƏRTAC
Azərbaycanın xarici ölkələrlə əlaqələrinin genişlənməsində, bütövlükdə dünya birliyinə inteqrasiyasında, beynəlxalq aləmdə təbliğində diaspor təşkilatlarının da üzərinə müəyyən öhdəliklər düşür. Məlumdur ki, bu gün Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu xarici siyasət sayəsində beynəlxalq və regional problemlərin həllində ölkənin rolu getdikcə artır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmək üçün Bakıya gələn Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xəlil Kələntər deyib.
Xəlil Kələntər vurğulayıb ki, Azərbaycanın bütün sahələrdə inkişafında, böyük uğurlar əldə etməsində, dünyada nüfuzunun artmasında, eləcə də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa edilməsində, onun dünyada təcavüzkar dövlət kimi tanınmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Biz Azərbaycanımızın hər bir uğuruna ürəkdən sevinirik.
Qeyd edilib ki, Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti xaricdə yaşayan soydaşlarımızın hər zaman yanında olmaqla yanaşı, onların fərdi problemlərinin həllində yaxından iştirak edir. Azərbaycanın təbliği, ölkəmizlə bağlı həqiqətlərin daha geniş yayılması işində üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk.
Yaponiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Prezident İlham Əliyevin qurultayda söylədiyi nitqin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.