CƏMİYYƏT


Xətai rayonunda Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərginin açılışı olub

Bakı, 23 iyul, AZƏRTAC

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında şəhidin ailə üzvləri, dostları və kitabxananın əməkdaşları iştirak ediblər.

Sərginin açılış mərasimində məlumat verilib ki, M.İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. O, 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavriat pilləsində təhsil aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.

“İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən olan M.İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Suqovuşanın alınması uğrunda gedən ağır döyüşlərdə iştirak edən cəsur hərbçi hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.

Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının həlak olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.