Xəzər dənizində 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
AzerTAg.az
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilib.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var