CƏMİYYƏT
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib









Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarında olduğu kimi Bakının Xəzər rayonunda da təntənəli şəkildə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayonun Türkan qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər RİH-nin başçısı Elşən Salahov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının müavinləri, rayon icra hakimiyyəti başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də YAP Xəzər rayon təşkilatının fəal üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiya zamanı minlərlə müxtəlif növ ağaclar əkilib.
Bayram əhval-ruhiyyəsində keçən ağacəkmə aksiyasında incəsənət adamlarının iştirakı ilə konsert proqramı və iştirakçılar üçün çay süfrəsi təşkil edilib.