QAN YADDAŞI
Xocalı soyqırımı yaddaşlardan heç zaman silinməyəcək
Ağcabədi, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan tarixinin dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi”ni ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.
YAP Laçın rayon təşkilatında davam edən tədbirdə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının sədri, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov tədbirdə çıxış edərək, ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilmiş vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilən qatı cinayət olduğunu bildirib. Məlumat verilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutub. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Tədbirdə digər çıxış edənlər 27 il Xocalıda törədilən faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.