CƏMİYYƏT
Xudat sərhəd dəstəsinin xidməti ərazisindəki Yuxarı Tahircal kənd məktəbi əsaslı təmir olunaraq istifadəyə verilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub. Azərbaycan Sərhəd Mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı, eyni zamanda, sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir.
Belə sosialyönümlü tədbirlərdən biri də sentyabrın 17-də Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olub.
Respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlib, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından kömək göstəriblər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdarlığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib.
Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında köməyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Tədbirdə sərhədçi-vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı qeyd edilib.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı danışılıb.
Tədbirin sonunda qonaqlar yeni təmir edilmiş məktəbin sinif otaqlarını gəzərək yaradılmış şəraitlə tanış olublar.