ELM VƏ TƏHSİL


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin qeydiyyatı davam edir

Bakı, 10 iyul, AZƏRTAC 

Ali təhsil müəssisələrinin I ixtisas qrupunun memarlıq ixtisasına və ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında xüsusi qabiliyyət tələb edən ixtisasların imtahanlarında iştirak üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçirlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat iyulun 16-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-dən 22-dək keçiriləcək.

Birinci ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 13-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək. Müsabiqədə I ixtisas qrupu üzrə qəbul imtahanının 2 mərhələsi üzrə ümumi balı 200, o cümlədən imtahanın II mərhələsində topladığı bal minimum 100 olan abituriyentlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.