ELM VƏ TƏHSİL
YAPONİYA SƏFİRİ QAX RAYONUNDAYENİ MƏKTƏB BİNASININ AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məktəbin açılışına həsr olunmuş mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara, respublika təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Qax Rayon İcra Hakimiyyətinin, tikintini həyata keçirən Təhsil Nazirliyi 4 nömrəli təmir-tikinti idarəsinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və məktəbin kollektivi iştirak etmişlər.
Mərasimi giriş sözü ilə açan Qax Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından söhbət açmış, bu sahənin daha da inkişaf etdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmiş və məktəbin açılış mərasiminin ulu öndərin doğum günü ilə eyni dövrə təsadüf etməsindən qürur duyduqlarını bildirmişdir.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov mərasimdə çıxış edərək yeni məktəb binasının açılışı münasibətilə kənd sakinlərini, müəllim və şagirdləri təbrik etmiş, hər cür inventar və avadanlıqlarla təchiz olunmuş müasir tipli bu təhsil ocağını təmənnasız olaraq inşa etdirdiklərinə görə Yaponiya hökumətinə və səfirə minnətdarlıqlarını bildirmişlər.
Açılış mərasimində çıxış edən səfir Toşiyuki Fucivara Yaponiya və Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə yüksək sürətlə inkişaf etməsindən məmnun qaldığını bildirmiş və bu dostluq körpüsünün qurulmasında, əməkdaşlığın daha da möhkəmləndirilməsində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyük xidmətlərini xüsusi qeyd etmişdir. Səfir qrant proqramına uyğun olaraq son üç ildə Azərbaycanda təhsillə bağlı 32 layihənin həyata keçirildiyini, o cümlədən, Güllük məktəbi də daxil olmaqla, regionlarda 15 yeni məktəb binasının tikilib istifadəyə verildiyini diqqətə çatdırmışdır.
Sonra hörmətli qonaqlara Qax rayonunun təbiət lövhələri əks olunmuş tablolar hədiyyə edilmişdir.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni təhsil ocağı ilə yaxından tanış olmuş, sinif otaqlarına və fənn kabinələrinə baxmışlar. Mərasim mədəniyyət işçilərinin böyük konsert proqramı ilə başa çatmışdır.