CƏMİYYƏT
YAP Gənclər Birliyinin yay düşərgəsində Qərbi Azərbaycan torpaqlarının tarixi və coğrafiyası məsələləri müzakirə olunub
Bakı, 23 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin onlayn yay düşərgəsinin dördüncü günündə “Qərbi Azərbaycan torpaqlarının tarixi və coğrafiyası” mövzusunda seminar keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, onlayn yay düşərgəsində 200-ə yaxın fəal gənc iştirak edir.
Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirakçılara “Onlayn yay düşərgəsi” layihəsinin müxtəlif proqramlar çərçivəsində gənclərin təmsil olunmaları üçün ən yaxşı amil kimi dəyərləndirilə biləcəyini vurğulayıb. Layihə proqramı çərçivəsində iştirakçı gənclərlə birlikdə YAP-ın nüfuzlu nümayəndələri də seminarlarda iştirak edir, gənclərlə açıq müzakirələr aparılır, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün tövsiyələrlə çıxışlar edilir.
Düşərgədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan üzrə tədqiqatçı alim Əziz Ələkbərli çıxış edərək bu formatda yay düşərgəsinin keçirilməsini müsbət hesab etdiyini, belə onlayn seminarların ölkə gəncləri arasında səmimi münasibətin yaranmasına səbəb olacağını bildirib. O qeyd edib ki, bu gün ölkəmizdə gənclərə diqqət və qayğı göstərilir. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur, həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Deputat sonra “Qərbi Azərbaycan torpaqlarının tarixi və coğrafiyası” mövzusunda seminarla çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tarixi faktlara, sənədlərə istinadən beynəlxalq tribunalardan səsləndirdiyi ölkəmiz haqqında həqiqətlər ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları hər gün bir az daha çox ifşa etməkdədir. Bu həqiqətlər sırasında son iki əsrdə Cənubi Qafqazda yeridilən erməniləşdirmə siyasəti nəticəsində bölgə xalqlarına gətirilən çoxlu bəlalar, münaqişə, müharibə, deportasiya və soyqırımları xüsusi yer tutur.
“1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat Respublikası adı ilə tarixdə ilk dövlətlərini yaratmaq fürsəti əldə edən ermənilər dərhal əsl simalarını ortaya qoydular və onlara bu fürsəti verən region xalqlarına, ilk növbədə, ərazinin yerli sakinləri olan azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirməyə, dinc əhalini qəddarlıqla və kütləvi şəkildə məhv etməyə başladılar. Sonra tarixi mənbələr saxtalaşdırıldı, bu ərazilərdə nə varsa hamısı mənimsənildi, abidələrimiz, toponimlərimiz erməniləşdirildi. Prezident İlham Əliyev Tərtər Rayon Olimpiya İdman Kompleksinin açılışındakı çıxışında alimlərimizin diqqətini bu məsələlərə cəlb etdi ki, bu tarix ciddi şəkildə araşdırılsın, elmi əsərlər ortaya qoyulsun. YAP da Prezidentin bu çağırışına cavab olaraq “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabını nəşr etdirdi”, - deyə Əziz Ələkbərli vurğulayıb.
Daha sonra onlayn düşərgədə iştirak edən gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, iyulun 16-da start götürən və ayın 31-dək davam edəcək layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.