REGİONLAR
YAP Masallı rayon təşkilatında qarşıda duran vəzifələr müzakirə edilib
Masallı, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında 2020-ci ilin yekunları və bu il qarşıda duran vəzifələrə həsr olunmuş onlayn hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin hesabat məruzəsi dinlənilib.
Hesabat məruzəsində qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsində, özünün sosial vəziyyətinin yaxşılaşmasında görür. Bütün regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.
2020-ci ilin ölkəmiz üçün çox əhəmiyyətli və mühüm hadisələrlə yadda qaldığını vurğulayan C.Əliyev, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsində dünyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi olunduğunu diqqətə çatdırıb: “Azərbaycanın işğal olunmuş əraziləri 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni qəsbkarlarından azad edildi. Azərbaycan tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdəki nailiyyətləri dayanır”.
Seyfəddin Əliyev dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq rayon təşkilatının bir sıra tədbirlər həyata keçirdiyini söyləyib. YAP İcra Katibliyinin tapşırığına əsasən, “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində rayon təşkilatı tərəfindən tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkilib, onlara koronavirusdan qorunmaq, sağlamlıqlarını müdafiə etmək məqsədilə gigiyenik vasitələr çatdırılıb, xəstəlikdən qorunma üsulları izah edilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə partiya sıralarına üzv olmaq üçün 217 nəfər müraciət edib. Rayon təşkilatının qeydiyyatında olan 11194 nəfər partiya üzvündən 3472 nəfərini qadınlar, 3353 nəfərini gənclər təşkil edir.
Onlayn tədbirdə, həmçinin YAP Masallı rayon təşkilatının Qadınlar Şurasının 2020-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, ötən il istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də Vətən müharibəsində böyük uğurlara imza atmışıq. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və uğurlu islahatlar həyata keçirilir.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən danışaraq deyib ki, ordumuzun qazandığı qalibiyyət xalqımıza sonsuz qürur hissi bəxş edib.
Onlayn tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə partiyanın bir qrup üzvünə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.