SİYASƏT
YAP-ın könüllüləri son beş gündə 2500-dən çox tənha və ahıla yardım edib
Bakı, 25 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) fəalları və könüllüləri koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyanı yüksək fəallıqla davam etdirirlər.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 21-dən start götürmüş aksiyada respublika üzrə mindən çox partiya fəalı və könüllüsü iştirak edib. Onlar son beş gündə 2500-dən çox tənha və ahılı ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyənləşdirilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.
Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkədə yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
Qeyd edək ki, “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya martın 29-dək davam edəcək.