SİYASƏT


YAVƏR RZAYEV: ƏN BÖYÜK ARZUM VƏTƏNƏ QAYITMAQ VƏ ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN İŞĞALINDAN AZAD EDİLƏCƏK ŞƏHƏRLƏRİMİZİN, QƏSƏBƏLƏRİMİZİN, KƏNDLƏRİMİZİN BƏRPASI LAYİHƏSİNİN MEMARLARINDAN BİRİ OLMAQDIR

Kim deyir ki, ölkələri və millətləri yalnız diplomatlar yaxınlaşdırır? Vaşinqtonda yaşayan həmvətənimiz – rəssam Yavər Rzayev artıq 3 ildir ki, amerikalı sənətsevərlərə Azərbaycanı tanıdır. Bakıda onun işlərini görüb bəyənən amerikalıların dəvəti ilə Vaşinqtona gələn Yavər son üç il ərzində 7 sərgidə iştirak etmişdir. Hazırda onun işləri Vaşinqtonun məşhur Düpont qalereyasında nümayiş etdirilir.

-Yavər, Azərbaycan incəsənət məktəbini keçən rəssam üçün Amerikada işləmək asandırmı?

-Azərbaycan coğrafi cəhətdən elə bir bölgədə yerləşib ki, onun mədəniyyətinə bir çox mədəniyyətlər az da olsa təsir göstərmişdir. Lakin bizim də başqa millətlərin mədəniyyətinə təsirimiz olub. Bunun nəticəsidir ki, Azərbaycan ən tanınmış incəsənət məktəblərindən birinin vətəninə çevrilmişdir. Azərbaycan rəssamlıq və heykəltəraşlıq məktəbi dünyanın hər hansı bir bölgəsində səviyyəli bir məktəb kimi qiymətləndirilir. Sənətçilərimizin dəst-xətti hər yerdə hiss olunur. Məsələn, mən Türkiyədə bir heykəllə, gözəl bir sənət nümunəsi ilə rastlaşdım. Yaxınlaşanda gördüm ki, müəllifi azərbaycanlıdır. 80-90-cı illərdə qardaş ölkəyə gedən sənətkarlarımız ayrıca məktəb yaradıblar.

Mən bu günədək işlədiyim ölkələrdə - Türkiyədə, sabiq Çexoslovakiyada, Meksikada dəfələrlə əmin olmuşam ki, bizim yüksək səviyyəli incəsənət məktəbimiz var. Bakıda əldə etdiyim bilik sayəsində xarici həmkarlarımdan bir addım irəlidə idim.

Amerikada da öyrəniləsi məktəb var. Burada modern üslubunda işləyən bir çox məşhur sənətkarlar yaşayır. Bəzən düşünürlər ki, modern əsərlərdə çətin bir şey yoxdur, sadə fiqurlar və rənglərdir. Amma bu cizgilərin arxasında dərinliklər var. Mən bu üslubu özüm üçün kəşf etməyə, mənimsəməyə çalışıram. Tanınmış Korkoran qalereyasında müəllimdən öyrənir, yerli rəssamlarla birgə saatlarla canlı modellə işləyirəm. İstəyirəm ki, nə vaxtsa Birləşmiş Ştatlarda adla tanınan memar və rəssamlardan biri olum. Sifariş vermək üçün 2-3 il əvvəl siyahısına yazılan memarların arasında niyə axı azərbaycanlının da adı çəkilməsin?!

-Sürrealist və modern üslublu rəsmlərinizdə milli motivləri sezmək olur. Amerikalı tamaşaçının buna münasibəti necədir?

-Amerikalılar mənə deyirlər ki, işlərimdəki rəngarənglik, Şərq elementləri bu rəsmlərin yerli rəssam tərəfindən çəkilmədiyinə dəlalət edir. Əsərlərimdə məscid, minarə, ay təsvirləri mövcuddur. İnsan obrazını çəkəndə isə, onun sifətinin cizgiləri istər-istəməz Yaxın Şərq və Orta Asiya adamına oxşayır.

Yadımdadir, Sovet İttifaqı zamanı əsgərlikdə olanda bizə təbliğat tipli plakatlar çəkdirirdilər. Mənim plakatlarıma baxan zabitlərdən biri demişdi ki, çəkdiyim Leninin gözləri azərbaycanlı gözlərinə bənzəyir.

İndiyədək Vaşinqtonda işlərim barədə çox müsbət rəylər almışam. Bəzən müştərilərimin evinə gedəndə məndən aldıqları işləri Nyu-Yorkun məşhur qalereyasından alınan əsərlə birlikdə görəndə ürəyim qürur hissi ilə dolur.

-Bakıda İnşaat İnstitutunda oxuyanda Çexoslovakiyada ixtisasınız üzrə təhsil almaq imkanı qazandınız. Bu, necə mümkün oldu?

-1980-ci illərin əvvəllərində Təhsil Nazirliyi Çexoslovakiyaya azərbaycanlı tələbələr göndərmək üçün Moskvadan 4 yer almışdı. Onu da qeyd edim ki, İttifaqa 8 yer verilsə də, o zaman respublikanın rəhbəri olan Heydər Əliyevin səyləri nəticəsində bu yerlərin yarısı ancaq Azərbaycan Respublikasına ayrılmışdı. Mən də, instituta qəbul olunanda qarşıma məqsəd qoydum ki, Çexoslovakiyaya gedəcəyəm. Buna nail oldum. Azərbaycanı Praqada təmsil etmək çox böyük şərəf idi. Biz çalışırdıq ki, ölkəmizi, dilimizi, mədəniyyətimizi tanıdaq. O vaxt mən Azərbaycanı 15 nəfərə tanıtdırdımsa, indi Amerikada sərgilərimlə yüzlərlə adama tanıda bilirəm.

-Amerikanın dinamik həyat tərzində Azərbaycan yada düşürmü? Ölkədən gələn yenilikləri izləyirsinizmi?

-Əlbəttə ki, yada düşür. Ən böyük arzum Vətənə qayıtmaq və Ermənistan silahlı qüvvələrinin işğalından azad ediləcək şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin bərpası layihəsinin memarlarından biri olmaqdır.

Azərbaycanda baş verən yenilikləri diqqətlə izləyirəm. Məni ən çox sevindirən xəbər Bakının gözəlləşməsi və abadlaşmasıdır. Məni bir də ən çox sevindirən odur ki, hörmətli Prezidentimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası dünya birliyində layiqli yer tutur, ABŞ kimi fövqəldövlət mənim doğma respublikamı özünün layiqli tərəfdaşı hesab edir.

Millətimə arzu edirəm ki, sülh, əmin-amanlıq və sağlıq içində yaşasın. Güzəranımız o qədər yaxşılaşsın ki, amerikalılar Azərbaycana gəlib bizdən nə isə öyrənmək istəsinlər. Mən burada həmsöhbətlərimə həmişə Amerikanın Azərbaycandakı sabiq səfirini misal çəkirəm. Deyirəm ki, Azərbaycan gözəl yer olmasaydı, heç sizin diplomat orada qalıb yaşayardımı?

Gün o gün olsun ki, Azərbaycan dünyanın həmin hissəsinin mərkəzinə çevrilsin. İnanıram ki, o gün uzaqda deyil!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.