ELM VƏ TƏHSİL
YENİ YAZARLARLA SEMİNAR-DİSKUSSİYA
Aprelin 24-də BMT-nin Qeyri-Hökumət Təşkilatları üçün Resurs və Təlim Mərkəzinin böyük salonunda “Ümumdünya kitab və müəlliflik hüququ günü” və “Beynəlxalq əqli mülkiyyət günü” ilə əlaqədar yeni yazarlarla seminar-diskussiya keçirilmişdir.
Respublika Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edərək, müəlliflik hüququ və əqli mülkiyyətlə bağlı belə tədbirlərin hər bir yaradıcı adam, o cümlədən gənc yazarlar üçün əhəmiyyətini vurğuladı, eyni zamanda cəmiyyətin müxtəlif qruplarının məlumatlandırılmasında bir vasitə olduğunu bildirdi. Sədr Ümumdünya kitab və müəlliflik hüququ və Beynəlxalq əqli mülkiyyət günlərinin dünyanın 80-dən artıq ölkəsində keçirildiyini xatırlatdı, bu sahədə agentliyin gördüyü işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, dövlət agentliyin hərtərəfli fəaliyyət göstərməsinə xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, agentlik bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur, bu sahədə keçirilən tədbirlərdə fəal iştirak edir.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan agentliklə beşinci ildir əməkdaşlıq etdiklərini vurğulayaraq dedi ki, indi gənclər müəllif hüquqlarının müdafiəsi məsələsində xeyli məlumata malikdirlər. O, ermənilərin milli folklorumuzun, musiqimizin, xalçalarımızın dəyərli nümunələrini özününküləşdirməyə çalışdıqlarını xatırladaraq, gənc yazarları, eləcə də agentliyi bu təcavüzə qarşı mübarizəyə çağırdı.
Axırda geniş diskussiya oldu, çoxsaylı suallara cavab verildi.