QAN YADDAŞI
Yalçın Topçu: Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın yox, bütün türk dünyasının məsələsi olmalıdır
Ankara, 27 fevral, АZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Ankarada Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə anım mərasimi keçirilib.
Mərasimdə Türkiyənin dövlət nümayəndələri, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının fəalları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu bildirib ki, rəhbərlik etdiyi Yerli Düşüncə Dərnəyi Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın yox, bütün türk və İslam dünyasının məsələsi olmalıdır.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin bu gün də torpaqlarımızı qoruyaraq canlarından keçən şəhidlərimizin qanının yerdə qalmayacağına, Azərbaycanın tezliklə öz ərazilərini işğaldan azad edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara