İQTİSADİYYAT


Yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın ödənilməsinə başlanılıb

Bakı, 5 aprel, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb. Aprelin 4-dən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Həmin gün 93 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib. İşçi Qrupu tərəfindən 57 sahibkara 570 min manat ödənilməsi qərara alınıb, 36 müraciət üzrə araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, aprelin 5-də maddi yardımın göstərilməsi üçün daha 90 sahibkardan ərizə qəbul olunub. Ümumilikdə, indiyədək 183 sahibkar maddi yardımla bağlı ərizə ilə müraciət edib.

Maddi yardım göstərilməsi qaydasına əsasən, müəyyən olunmuş vəsaitlərin artıq zərər çəkmiş sahibkarların bank hesablarına köçürülməsinə başlanılıb. Ödənişlər “Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Həmin gün iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə yanğından zərər çəkmiş 57 sahibkara bank kartları təqdim edilib.

Sahibkarlar onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.