DÜNYA
Yaponiya Şimali Koreyaya qarşı birtərəfli sanksiyaları daha iki il müddətinə uzadıb
Tokio, 30 mart, AZƏRTAC
Yaponiya hökuməti qarşılıqlı münasibətlərdə irəliləyişin olmaması səbəbindən Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların müddətini 2023-cü ilədək uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar martın 30-da hakim Liberal Demokratik Partiyanın rəhbərliyi ilə birgə iclasın yekunu olaraq qəbul edilib. Bildirilir ki, Şimali Koreya ilə ötən dövrdə nə bu ölkənin raket-nüvə proqramı, nə də oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı heç bir irəliləyişə nail olunmayıb.
Qeyd edək ki, Yaponiyanın Şimali Koreyaya qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyaların müddəti aprelin 13-də başa çatır. Beləliklə, bu qadağaların müddəti daha iki il uzadılacaq.
Xatırladaq ki, Yaponiya Şimali Koreyaya qarşı birtərəfli sanksiyaları 2006-cı ildə Pxenyan tərəfindən nüvə sınağı keçirildikdən sonra tətbiq edib. Bu sanksiyalara iki ölkə arasında əmtəələrin ixracı və idxalı, Şimali Koreya gəmilərinin Yaponiya limanlarına girişinə qadağalar aiddir. Sanksiyaların tətbiqindən sonra onların müddəti dəfələrlə uzadılıb, buraya daxil edilən şirkətlərin, gəmilərin və şəxslərin siyahısı isə genişləndirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio