İQTİSADİYYAT
Yaponiya və Azərbaycan 5 şəhərdə içməli və tullantı su layihələrini başa çatdırıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də “Azərsu” ASC-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanda səfərdə olan missiya üzvləri ilə görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla Yaponiya arasında sosial-iqtisadi sahədə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edən “Azərsu”nun sədr müavini Etibar Məmmədov içməli su təchizatı sahəsində birgə layihələrin icra edildiyini, artıq 5 şəhərdə içməli və tullantı su layihələrinin başa çatdığını bildirib. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz, Qusar, Xızı, Qobustan, Naftalan şəhərlərində icrası nəzərdə tutulan 9 müqavilə paketinin 6-sı üzrə işlər tam başa çatıb, Xaçmaz, Naftalan, Xızı, Altıağac, Qobustan tullantı sutəmizləyici qurğularının tikintisini əhatə edən 3 müqavilə paketi üzrə işlər davam edir.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Orta Asiya və Qafqaz bölməsinin aparıcı mütəxəssisi Yumiko Horivaki Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını, səfər proqramı çərçivəsində Qobustan və Xaçmaz şəhərlərində su təchizatı qurğularına baş çəkdiklərini bildirib.
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyini arasında kredit sazişi 2009-cu ildə imzalanıb və 2012-dən layihələrin icrasına başlanılıb.